Son zamanlar blogger Sevinc Hüseynovanın ardıcıl şəkildə LGBTQİ+lərə, xüsusi ilə
trans qadınlara yönəlmiş kütləvi zorakılıq çağırışları və nifrət nitqi hüquqi şəkildə qiymətləndirilmiş və aidiyyatı orqanlara kollektiv şikayətlə əks olunmuşdur.
Azərbaycanda LGBTQİ+lərə qarşı periodik olaraq artan zorakılıq, ayrıseçkilik və fobik aktlar zehni, fiziki və maddi təhlükəsizliyi olduqca həssas vəziyyətə gətirib. İnstitusional LGBTQİ+ fobiya gender və/və ya cinsi orientasiya əsaslı zorakılığa qarşı aparılan mübarizələri əngəlləyərək mövcud ədalətsiz və təhlükəli şəraiti dayanıqlı edir. 2017-ci ildə polis tərəfindən LGBTİQ+lərə qarşı reydlərdən bu yana hər il ardıcıl olaraq kuirfob hücum və qətllər ilə icmalar basqı altında saxlanılmağa çalışılır. Bununla da individualların siyasiləşməsi, hüquq və azadlıqlarının görünürləşməsi üçün imkanlar olduqca məhdudlaşdırılır.
Bu sistematik problemlə töhfə verən şəxslərdən biri blogger Sevinc Hüseynova müxtəlif tarixlərdə kütləvi informasiya vasitəsi olan ona məxsus müvafiq sosial şəbəkə hesabında aşkar surətdə trans qadınlara münasibətdə onların gender mənsubiyyətinə görə müxtəlif sosial nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər, eləcə də bu əməli zor tətbiq etmə hədəsi ilə çağırışlar edibdir.
Faktlar:
07 iyul 2021-ci il tarixində Sevinc Hüseynova “Instagram” sosial şəbəkəsində ona məxsus olan hesabında LGBTQİ+lərə, xüsusi ilə trans qadınlara gender mənsubiyyətlərinə görə alçaldan və onlara qarşı nifrət və düşmənçilik yaradan çağırışlar olan video paylaşır. Video minlərlə şəxs tərəfindən izlənilir.
09 iyul 2021-ci il tarixində bir qrup transqadın 17-ci polis bölməsinə rəsmi müraciət edir və Sevinc Hüseynovanın məsuliyyətə cəlb olunmasını tələb edir.(müraciət olunmasına baxmayaraq Sevinc Hüseynova ilə bağlı heç bir qanuni tədbir görülməyib və aidiyyəti üzrə araşdırılması üçün yönləndirilməyib).
10 iyul 2021-ci il tarixində Sevinc Hüseynova “Instagram” sosial şəbəkəsində ona məxsus olan hesabında bir qrup trans qadının polisə müraciət etməsinə reaksiya verib, təhqir edib, məsxərəyə qoyurdu, eləcə də trans qadınları gender mənsubiyyətlərinə görə alçaldan və onlara qarşı nifrət və düşmənçilik yaradan çağırışlar edirdi (videoya 486,000-dən çox baxış sayı var).
16 iyul 2021-ci ildə Abşeron rayonu Xırdalan qəsəbəsində yaşadığı şəxsi evində üç nəfər gender mənsubiyyətinə görə hücuma məruz qalıb, onlardan biri 3 bıçaq zərbəsi ilə yaralanıb.
22 iyul 2021-ci il tarixində Sevinc Hüseynova “Instagram” sosial şəbəkəsində ona məxsus olan hesabında trans qadınlara qarşı nifrət dolu çıxış edib və trans qadın Nurayın videosunu paylaşıb təhqir edib, alçaldıb. Videoya 270,000 mindən çox baxış olub. Bundan əlavə, digər saytlar və səhifələr videonu paylaşıb, bu nifrət niqtinin yayılmasına töhfə veriblər .
13 avqust 2021-ci il tarixində Xırdalan qəsəbəsində Heydər Əliyev prospektində yerləşən binalardan birində 4 nəfər LGBTİ+ fərdinə hücum olub. Xəsarət alan olub.
23 avqust 2021-ci il tarixində Qaradağ rayonu Buta qəsəbəsində Sevinc Hüseynovanın hədəf göstərdiyi trans qadın Nurayın yandırılmış cəsədi yerli əhali tərəfindən aşkar edilir.
25 avqust 2021-ci il tarixində bir qrup transqadın Qaradağ Rayon Polis İdarəsinin qarşısında toplaşaraq trans qadın Nurayın öldürülməsi ilə bağlı etiraz tələbi irəli sürmüşdür. Daha sonra Ombudsman idarəsinin qarşısında yığışaraq tələblər irəli sürülmüşdür.
26 avqust 2021-ci il tarixində Sevinc Hüseynova “Instagram” sosial şəbəkəsində ona məxsus olan hesabında daha bir video paylaşıb. Həmin videoda da trans qadınlara qarşı sosial nifrət və düşmənçilik yaradan kontent paylaşılıb. Videonu 51,000-dən çox şəxs izləmişdir.
01 sentyabr 2021-ci il tarixində Sevinc Hüseynova “Instagram” sosial şəbəkəsində ona məxsus olan hesabında yenidən canlı yayım açaraq trans qadınlara qarşı sosial nifrət və düşmənçilik kontenti olan təhqir, təhdid və nifrət dolu çağırışlar edən video paylaşıb. Öldürmək və digər cinayət əməllərinə kütləvi çağırışlar edib.
05 sentyabr 2021-ci il tarixində LGBTQİ+ fəalı jurnalist Əvəz Hafizli Sevinc Hüseynova tərəfindən şəxsən təhdid və təhqir olunduğu üçün intihara cəhd göstərmişdir.
Yuxarıda göstərilən faktlara əsasən məlum olur ki, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla nifrət nitqinin yayılması LGBTQİ+lərə qarşı zorakılığın artmasına təsir edir. Eyni zamanda bununla bağlı heç bir lazımi hüquqi tədbirlərin görülmədikdə zorakılıq zənciri daha da möhkəmlənir.
Sevinc Hüseynovanın LGBTQİ+lərə, xüsusi ilə transqadınlara qarşı sosial nifrət və düşmənçilik yaradılmasına dair çağırışlarını, eləcə də zor tətbiq etməklə hədələməsinə dair çağırışları Cinayət Məcəlləsinin 283.1-ci və 283.2.1-ci maddəsi üzrə cinayət tərkibinin əlamətlərini təşkil edir.
Bununla bağlı 03 sentyabr 2021-ci ildə transqadınlarla birlikdə bir qrup vətəndaş cəmiyyəti fəalları aidiyyatı orqanlara qanunvericiliyə uyğun olaraq qiymət verilərək müvafiq cinayət hüquqi tədbirlər görülməsi üçün kollektiv şikayət ərizəsini təqdim etmişdir.
Comentários